Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin oğlu Çotne İvanişvili Almaniyada Rusiya vətəndaşı, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov ilə görüşüb.
Onların görüşünə dair fotonu Kaxa Kaladze özünün rəsmi “Instagram” səhifəsində paylaşıb.
Nə məqsədlə İrakli Kobaxidze Həbib Nurməhəmmədovla görüşüb? sualına Hökumət Administrasiyası “Tvpirveli”yə bildirib ki, onlar küçədə təsadüfi qarşılaşıblar.
Hökumət Administrasiyası Baş nazirin təsadüfən UFC çempionu ilə küçədə qarşılaşdıqlarını söyləsə də, Həbib Nurməhəmmədov özü Kaladze və Kobaxidze ilə Almaniyada bir restoranda görüşdüklərini göstərən şəkil paylaşıb, lakin sonra bu şəkli silib. Daha sonra sosial şəbəkədə görüşün fotolarını Kaladze də paylaşıb.
Görüşün detalları tam məlum olmasa da, iddia olunur ki, masada Həbibin Gürcüstan vətəndaşı olmaq istədiyi müzakirə olunub. Həmçinin iddiaya görə, Bidzina İvanişvilinin kiçik oğlu Çotne İvanişvili üçün Həbib xüsusi məşqçi ola bilər.
Son günlərdə Həbib Nurməhəmmədov Rusiyada xüsusi gündəmdədir. Hələ ötən həftə Dağıstanda baş vermiş terror aktından sonra onun idman məktəbində xüsusi əməliyyat keçirilib. Məlumata görə, Dağıstanda terror aktı törədənlərdən biri Nurməhəmmədovun idman məktəbində təhsil alırmış. Həmçinin mediada yayılan məlumata görə, terrorizmdə ittiham olunan şəxs UFC çempionunun məktəbində yalnız bir dəfə olub.
“Federal Vergi Xidməti keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun hesablarını – 297 milyon rublu vergi borcuna görə dondurub,” – RBC nəşri yazır. /aktual.ge


